Bu gün Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə tələbələrin görüşü keçirilib.
Görüşdə gənclərin keyfiyyətli ali təhsil alması, bərabər imkanların təmin edilməsi və təhsilin əlçatanlığının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbir zamanı tələbələrə Fond tərəfindən təqdim edilən təhsil tələbə kreditlərinin növləri, müraciət qaydaları, kreditlərin geri qaytarılması şərtləri, güzəştlər və digər imtiyazlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, bu cür görüşlər tələbəyönümlü yanaşmanın gücləndirilməsi, inklüziv təhsil mühitinin inkişafı və gənclərin akademik imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün sonunda Mingəçevir Dövlət Universiteti adından səmərəli əməkdaşlığa və tələbələrlə keçirilən maarifləndirici görüşə görə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimova və rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkür bildirilib.
Mingəçevir Dövlət Universiteti — Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!