Maliyyə Nazirliyinin aqrar sahədə səmərəsiz subsidiyaların mərhələli şəkildə azaldılması ilə bağlı təklifi subsidiyaların nəticəliliyini yenidən gündəmə gətirib. İllərdir kənd təsərrüfatına dövlət dəstəyi göstərilsə də, buğda, ət, süd və bitki yağları kimi strateji məhsullar üzrə idxaldan asılılığın qalması subsidiyaların nə dərəcədə effektiv olduğu sualını ortaya çıxarır. Eyni zamanda, subsidiyaların məhsuldarlıq, fermer gəlirləri, ərzaq təhlükəsizliyi və ixrac göstəriciləri ilə əlaqələndirilməsi məsələsi də müzakirə olunur.
Bu baxımdan, mövcud subsidiya siyasətinin nəticələri və onun necə təkmilləşdirilə biləcəyi maraq doğurur.
ictimai.info-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli hesab edir ki, Azərbaycanda subsidiya siyasətinə yenidən baxılmalı, dövlət dəstəyi yalnız strateji əhəmiyyət daşıyan və gələcəkdə özünü təmin edə biləcək sahələrə yönəldilməlidir. Xalid Kərimli bildirib ki, subsidiyaların səmərəliliyini qiymətləndirərkən onların hansı mənbə hesabına maliyyələşdirildiyinə də diqqət yetirmək lazımdır:
“Ümumiyyətlə, hesab edirəm ki, subsidiya məsələsinə yenidən baxılmalıdır. İlk növbədə, subsidiyaların hansı mənbə hesabına maliyyələşdirildiyinə baxmaq lazımdır. Subsidiyalar neft gəlirləri hesabına verilir. Neft və qaz ən dəyərli resurslarımızdır və dünya bu resursları bizdən alır. Onları dünya bazarlarına çıxarmaq üçün müvafiq infrastrukturumuz da var. Həmin gəlirlər hesabına subsidiyalar maliyyələşdirilir. Amma bu gəlirlər də məhduddur. Əgər gəlirlərimiz qeyri-məhdud olsaydı, deyərdim ki, burada heç bir problem yoxdur. Məsələn, neft hasilatı kəskin şəkildə azalır. Ölkədə iqtisadi durğunluğun səbəblərindən biri də budur. Çünki neft gəlirləri azalır, digər gəlirlər isə bunu əhəmiyyətli dərəcədə kompensasiya etmir. Hökumət də ehtiyatları artırmağa çalışır ki, vəsaitləri həddindən artıq xərcləməsin”.


