Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Ukraynanın yaxın ayları və qışı keçirməsi üçün 300 ədəd “Patriot” raketi istəyib. Məqsəd odur ki, Ukrayna bu müddətdə öz “Patriot” raketlərinin istehsalına başlaya bilsin. Lakin Tramp qərar verməyə tələsmir.
ictimai.info xəbər verir ki, bu sözləri Avstriya Silahlı Qüvvələrinin Baş Qərargah polkovniki və hərbi ekspert Markus Raysner deyib.
Raysner vurğulayıb ki, hazırda Ukrayna üçün vəziyyət son dərəcə ağırdır: “Prezident Vladimir Zelenskinin sözlərinə görə, təkcə şənbə gününə keçən gecə Ukraynaya buraxılan 27 ballistik raketdən cəmi biri vurula bilib”.
Məlumatlara əsasən, Avropanın hava hücumundan müdafiə sistemlərində də vəziyyət ürəkaçan deyil:
“Güman etmək olar ki, bu sistemlər üçün ümumiyyətlə raket yoxdur və ya çox az qalıb”.
Onun sözlərinə görə, genişmiqyaslı müharibənin beşinci ilində olmasına baxmayaraq, bu sistem üçün sursat istehsalı hələ də əhəmiyyətli dərəcədə artırılmayıb. ABŞ isə ildə təxminən 650 “Patriot” raketi istehsal edir və yaxın illərdə istehsalı üç dəfə artırmaq üçün artıq müqavilələr bağlayıb.
Ekspert hesab edir ki, ABŞ arsenalının mühüm hissəsi Vaşinqtonun “bloklama ehtiyatı” adlandırdığı strateji ehtiyatda saxlanılır. Bu ehtiyatlar ABŞ-a və ya onun əsas müttəfiqlərinə hücum ediləcəyi halda bir neçə zərbəni dəf etmək üçün müttəfiqlərə verilmədən qorunur.
Raysnerin qiymətləndirməsinə görə, söhbət ən azı yüzlərlə raketdən gedir və Zelenskinin də məhz bu ehtiyatı nəzərdə tutduğu ehtimal edilir:
“Tramp “Patriot” tədarükünü rədd etməklə Zelenskiyə təzyiq göstərməyə çalışır və eyni zamanda Kremli danışıqlara sövq edir. Həmçinin, ABŞ Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün kəşfiyyat və hədəf məlumatları təqdim etməyə davam edir”.

